“Eurovision-2009” mahnı yarışmasında təmsil etmiş Hadisə Açıqgöz yaxın vaxtlarda Azərbaycandakı pərəstişkarlarını sevindirəcək. Aparılan
danışıqların nəticəsi olaraq türkiyəli müğənni Bakıda konsert verməyə
razılaşıb. Konsertin təşkilatçısı Səadət Əhmədovanın APA-ya verdiyi
məlumata görə, Hadisə iyulun 2-də Yaşıl Teatr Konsert Kompleksində
möhtəşəm proqramla çıxış edəcək: “Artıq danışıqlar aparılıb və Hadisə
Bakıda konsert verməyə razılaşıb. Artıq konsertin hazırlıqlarına
başlamışıq və bütün tamaşaçıların bu konsertdən məmnun qalacağına
əminik. “Eurovision-2009” həyəcanını Azərbaycan tamaşaçılarına da
yaşatmaq istəyindəyik”.
S. Əhmədovanın sözlərinə görə, Hadisə
konsertdə öz musiqiçiləri və rəqqasları ilə birgə səhnəyə çıxacaq.
Konsertdən bir gün əvvəl Bakıya gələcək Hadisə “Eurovision-2009”
müsabiqəsində ona dəstək olan Azərbaycan xalqı qarşısında ən yeni
mahnılarını ifa edəcək.
Təşkilatçı konsertin biletlərinin
qiymətinin yaxın günlərdə müəyyənləşəcəyini bildirib. Konsertlə bağlı
reklam çarxlarının nümayişinə və paytaxt küçələrində afişaların
yerləşdirilməsi işlərinə də yaxın günlərdə başlanacaq.